"Google" Rusiyanın VK və MAX tətbiqlərini Play Store-dan çıxardı.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Google" Rusiya mənşəli sosial media platforması VK və mesajlaşma tətbiqi MAX-ı "Google" Play Store-dan çıxardığını açıqlayıb.
VK-nın yaydığı bəyanatda bildirilib ki, şirkətin tətbiqləri artıq "Google" Play-də mövcud deyil. Bununla belə, artıq quraşdırılmış tətbiqlər heç bir məhdudiyyət olmadan fəaliyyətini davam etdirir.
Şirkət istifadəçilərə bildirib ki, VK və MAX tətbiqlərini RuStore, Huawei AppGallery, Samsung Galaxy Store, Xiaomi GetApps və digər Android tətbiq mağazalarından yükləmək mümkündür.
Qeyd edək ki, bundan əvvəl Apple da VK və şirkətə məxsus bəzi tətbiqləri App Store-dan silmişdi. Digər tərəfdən, Rusiya öz ərazisində Facebook, Instagram, YouTube və X platformalarının fəaliyyətinə müxtəlif məhdudiyyətlər tətbiq edib.
Təhlükəsizlik və fırıldaqçılıqla mübarizə tədbirləri çərçivəsində WhatsApp və Telegram Rusiyada müxtəlif məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda, VK-nın dəstəyi ilə ötən il istifadəyə verilən yerli MAX tətbiqi, xüsusilə dövlət qurumları arasında sürətlə yayılıb.