Yaxın Şərqdə artan gərginlik ABŞ Dövlət Departamentini hərəkətə gətirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dünya ölkələrində yaşayan vətəndaşlarına mümkün hücum təhlükəsi ilə əlaqədar daha ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Departamentin yaydığı təhlükəsizlik xəbərdarlığında bildirilib ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır və hadisələrin gözlənilmədən daha da gərginləşməsi ehtimalı mövcuddur.
Xəbərdarlıqda Yaxın Şərqdə olan ABŞ vətəndaşlarına son dərəcə ayıq-sayıq davranmaları tövsiyə edilib. Onlardan mümkün aviareys ləğvlərinə, hava məkanının müvəqqəti bağlanmasına, eləcə də səfərlər zamanı yarana biləcək digər çətinliklərə hazır olmaları istənilib.
Yaxın Şərqdən kənarda yaşayan ABŞ vətəndaşlarına isə bölgəyə və ya bölgə üzərindən planlaşdırılan səfərləri yenidən nəzərdən keçirmək tövsiyə olunub. Xəbərdarlıqda ABŞ-la əlaqələndirilən şəxslərin və obyektlərin mümkün hücum hədəfinə çevrilə biləcəyi də vurğulanıb.