Qara dənizdə ticarət gəmilərinin təhlükəsizliyi ilə bağlı risklər artmaqda davam edir. Rusiyanın Taman limanından kömür yükü götürərək Trabzona yola düşən Türkiyə bayraqlı "Mv Reyhan Sarı" quru yük gəmisi Novorossiysk sahilləri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücuma məruz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir ekipaj üzvü həlak olub, üç nəfər isə xəsarət alıb.
İstanbul liman reyestrində qeydiyyatda olan və 9543342 IMO nömrəsinə malik "Mv Reyhan Sarı" gəmisi Rusiyanın Taman limanından yüklədiyi kömürü Trabzona çatdırmaq üçün hərəkətdə olarkən hücuma məruz qalıb.
Əldə olunan məlumata görə, PUA hücumu nəticəsində gəmidə maddi ziyan yaranıb. Maşın şöbəsində çalışan Türkiyə vətəndaşı olan bir ekipaj üzvü hadisə yerində həyatını itirib.
Hücum zamanı yaralanan üç nəfərə ilkin tibbi yardım göstərildikdən sonra onlar ərazidə yerləşən ən yaxın tibb müəssisələrinə çatdırılıblar. Hazırda onların müalicəsi davam etdirilir.
Hadisədən sonra gəmidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə və texniki araşdırma işlərinin davam etdiyi bildirilir.
Səlahiyyətli qurumların hadisə və zərərçəkənlərin vəziyyəti ilə bağlı rəsmi açıqlama verməsi gözlənilir.