İqlim böhranının təsiri nəticəsində artan ekstremal istilər Avropa boyunca çaylarda, göllərdə və torpaqdakı rütubətin sürətlə buxarlanmasına səbəb olaraq qitədə quraqlığı daha da gücləndirir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, World Weather Attribution (WWA) təşkilatının alimlərinin apardıqları araşdırmaya əsasən, rekord həddə çatan isti hava dalğaları çaylardan və göllərdən tutmuş torpağa və bitki örtüyünə qədər geniş ərazilərdə su ehtiyatlarının azalmasına səbəb olub.
Tədqiqatda bildirilir ki, yüksək temperaturun yaratdığı bu vəziyyət qlobal istiləşmə səbəbindən Qərbi Avropada 80 dəfə, Şərqi Avropada isə 40 dəfə daha ehtimallı hal alıb. Həmçinin qeyd olunur ki, fosil yanacaqlardan qaynaqlanan çirklənmə Qərbi Avropada torpağın quruması təsirini 5 dəfə, Şərqi Avropada isə 11 dəfə artırıb.
Mütəxəssislərin sözlərinə görə, Qərbi Avropada ötən qış mövsümü yağıntılı keçməsinə baxmayaraq, yay aylarında müşahidə olunan yüksək temperatur quraqlığın əsas səbəbinə çevrilib.
Araşdırmada vurğulanır ki, iqlim böhranından əvvəl "orta" səviyyədə qiymətləndirilən quraqlıq şəraiti hazırda artıq "ekstremal" səviyyəyə çatıb.