logo
logo logo
logo

Dünyada xəstəlik olmasa idi, insanlar nə qədər yaşayardı? - Maraqlı araşdırma

14:41 - 23 İyul 2026

Dünyada xəstəlik olmasa idi, insanlar nə qədər yaşayardı? - Maraqlı araşdırma

Yaşlanma ilə bağlı bütün xroniki xəstəliklər aradan qaldırılsa belə, insan orqanizminin qaçılmaz bioloji sərhədinin olduğu müəyyən edilib. Rusiyalı alimlərin riyazi modelləşdirmə üsulu ilə apardığı araşdırma orqanların yenilənmə imkanları və DNT mutasiyalarının insan ömrünə qoyduğu son həddi üzə çıxarıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Əbədi yaşamaq mümkündürmü?” sualına Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri yeni araşdırma ilə cavab verməyə çalışıblar. Aparılan riyazi simulyasiyalar göstərib ki, yaşlanma ilə əlaqəli bütün xroniki xəstəliklər tamamilə aradan qaldırılsa belə, insan orqanizminin bioloji baxımdan müəyyən olunmuş bir ömür həddi mövcuddur.

Araşdırmaya əsasən, xərçəng, ürək tutmaları və ya neyrodegenerativ xəstəliklər tamamilə müalicə olunsa belə, insan ömrünün orta həddi təxminən 150-190 il aralığında qala bilər.

Hazırlanan kompüter modelləri göstərib ki, yaşlanma və ölüm prosesində əsas müəyyənedici amillərdən biri orqan səviyyəsində hüceyrələrin yenilənmə qabiliyyətidir. Alimlərin fikrincə, orqanizmdə bioloji aşınmanın qarşısı müəyyən qədər alınsa belə, hüceyrələrdə zamanla yığılan somatik DNT mutasiyaları nəticədə orqanların fəaliyyətinin dayanmasına səbəb olur.

Araşdırmada orqanlar arasında mühüm fərqlərin olduğu da vurğulanıb.

Qaraciyər və dəri kimi özünü yeniləyə bilən toxumalar davamlı bölünmə yolu ilə zədələnmiş və mutasiyaya uğramış hüceyrələri aradan qaldıra bilir.

Beyin və ürək kimi həyati əhəmiyyət daşıyan orqanlarda isə hüceyrələrin yenilənməsi demək olar ki, baş vermir. İllər keçdikcə bu uzunömürlü hüceyrələrdə toplanan DNT zədələnmələri nəticədə orqan çatışmazlığına gətirib çıxarır və insan ömrünün nəzəri həddini müəyyənləşdirir.

Tədqiqatçılar əldə olunan nəticələrin dəqiq proqnoz deyil, yaşlanmanın mürəkkəb mexanizmlərini anlamağa kömək edən elmi model olduğunu bildiriblər. Alimlərin sözlərinə görə, bu gün insanların nəzəri olaraq müəyyən edilən ömür həddindən xeyli aşağı yaşamasının səbəbi yalnız DNT mutasiyaları deyil. Yaşlanma prosesinə hələ tam öyrənilməmiş daha mürəkkəb amillər də təsir göstərir.

Araşdırmanın əsas nəticəsi isə ondan ibarətdir ki, gələcəyin tibb elmi insanı sonsuzadək yaşatmaqdan daha çox, yaşlı dövrlərdə xəstəliklərdən uzaq, sağlam və keyfiyyətli həyat sürməyə imkan verən müalicə üsullarının inkişafına yönəlməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az