Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukrayna böhranının həlli ilə bağlı danışıqlara açıq olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, bununla yanaşı, Kiyevin Avropa ölkələri tərəfindən müharibəni davam etdirməyə təşviq edildiyini iddia edərək, bu şəraitdə Rusiyanın hərbi əməliyyatları davam etdirdiyini deyib.
Peskov Moskvada jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubio arasında Filippinin paytaxtı Manilada keçirilən görüşü də dəyərləndirib.
Onun sözlərinə görə, bu görüş müsbət hadisə olsa da, böhranın həlli istiqamətində yeni dinamika və ya ciddi irəliləyiş hələ müşahidə olunmur.
Peskov bildirib ki, Rusiya ABŞ ilə mövcud dialoq kanallarını qoruyub saxlayır və amerikalı nümayəndələrin yaxın vaxtlarda Moskvaya gələrək danışıqları davam etdirəcəyinə ümid edir.
Kreml sözçüsü Rusiyanın Ukrayna böhranının sülh yolu ilə həllinə hazır olduğunu bir daha vurğulayıb.
"Lakin Kiyev hakimiyyəti Avropa ölkələri tərəfindən müharibənin davam etdirilməsinə təşviq olunur. Belə şəraitdə biz xüsusi hərbi əməliyyatı davam etdiririk", – deyə Peskov bildirib.