İranın Yəməndə fəaliyyət göstərən husilərə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirlərini, hərbi müşavirlərini, eləcə də raket və pilotsuz uçuş aparatları (PUA) ilə bağlı avadanlıqları göndərdiyi iddia olunur.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı məlumatı dörd mənbə – iki İran mənbəyi, Yəmənin informasiya naziri və regional təhlükəsizlik üzrə analitik açıqlayıb.
Bildirilib ki, İİKK heyəti və hərbi təyinatlı avadanlıqlar iyulun 13-də Tehrandan Yəmənə həyata keçirilən uçuşla daşınıb. Məlumata görə, Mahan Air aviareysi ilə yüksək rütbəli komandirlər də daxil olmaqla 10-21 nəfər arasında İİKK əməkdaşı Yəmənə aparılıb.
Qeyd olunur ki, təyyarənin əvvəlcə husilərin nəzarətində olan paytaxt Sənaya enməsi planlaşdırılsa da, hava limanına edilən hücum səbəbindən reys Qırmızı dəniz sahilində yerləşən Hudeyda şəhərinə yönləndirilib.
Mənbələrin iddiasına görə, bu addım Tehranın müttəfiqi olan husilərin Qırmızı dənizdə gəmiçiliyə təhdid yaratmaq imkanlarını gücləndirmək məqsədi daşıyır.
İranlı mənbələr təhlükəsizlik səbəbindən adlarının açıqlanmaması şərti ilə danışıblar.