Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ son dövrlərdə dünyanın müxtəlif bölgələrində qeydə alınan güclü yeraltı təkanları yenidən gündəmə gətirib. İyun ayında Venesuelada 40 saniyəlik fasilə ilə 7 baldan yuxarı iki zəlzələ baş verib, iyulun sonunda isə Yaponiya güclü zəlzələnin təsirinə məruz qalıb. Ardıcıl baş verən zəlzələlər “Dünyada nə baş verir, güclü zəlzələlərin sayı artırmı?” sualını gündəmə gətirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, son aylarda dünyanın müxtəlif bölgələrindən ard-arda güclü zəlzələ xəbərləri gəlir. Son olaraq avqustun 10-da Kolumbiyanın qərbində 7,4 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ 107 kilometr dərinlikdə baş verib və Kolumbiya ilə yanaşı, ətraf ölkələrdə də hiss olunub.
XXI əsrdə Kolumbiyada qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşən təbii fəlakət nəticəsində azı 164 nəfər həyatını itirib. Çoxsaylı binalar dağılıb, bəzi ərazilərdə ciddi dağıntılar qeydə alınıb.
Kolumbiyadakı zəlzələdən təxminən bir ay yarım əvvəl isə qonşu Venesuela güclü yeraltı təkanlarla sarsılıb.
İyunun 24-də ölkədə təxminən 40 saniyəlik fasilə ilə iki güclü zəlzələ baş verib. USGS-nin məlumatına görə, ilk zəlzələnin maqnitudası 7,2 olub. Bu təkanlardan saniyələr sonra 7,5 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.
Paytaxt Karakas da daxil olmaqla geniş ərazidə hiss olunan zəlzələlər ciddi dağıntılara səbəb olub. Yüzlərlə bina dağılıb və ya zədələnib. Zəlzələlərdən sonra ölkədə fövqəladə vəziyyət elan edilib.