ABŞ-ın Texas ştatında hərbi helikopter qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində iki pilotun həlak olduğu bildirilib.
Bell dairəsi Şerif İdarəsinin yaydığı açıqlamada Fort Hud hərbi bazasından havaya qalxan AH-64 “Apache” tipli helikopterin Salado şəhəri yaxınlığında yerləşən əkin sahəsinə düşdüyü bildirilib.
Açıqlamada helikopterdə olan iki pilotun qəza nəticəsində həyatını itirdiyi qeyd olunub.
Qəzadan sonra ərazidə güclü yanğın baş verdiyi, yanğınsöndürmə qruplarının alova müdaxilə etdiyi bildirilib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, helikopter yerə düşərkən hər hansı binaya və ya tikiliyə çırpılmayıb. Helikopter boş əkin sahəsinə düşdükdən sonra alışıb.
Fort Hud hərbi bazasının yaydığı açıqlamada da qəzaya uğrayan helikopterin AH-64 “Apache” hücum helikopteri olduğu təsdiqlənib.
Baza komandanı briqada generalı Ethan Diven bildirib ki, hazırda əsas məqsəd yanğının davam etdiyi ərazinin təhlükəsizliyini təmin etməkdir.