Körpə ikən Hindistandakı uşaq evlərinə verilən və daha sonra Niderlandda müxtəlif himayədar ailələr tərəfindən övladlığa götürülən 43 yaşlı Meena Geltink və 44 yaşlı Minal Tijssen illər sonra bioloji bacı olduqlarını öyrəniblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bir-birindən xəbərsiz şəkildə Niderlandın bir-birindən təxminən 160 kilometr məsafədə yerləşən müxtəlif şəhərlərində böyüyən iki qadın ilk dəfə 1996-cı ildə övladlığa götürülmüş uşaqlar üçün təşkil edilən tədbirdə qarşılaşıb.
Aralarındakı fiziki oxşarlıq və yaranan güclü bağlılıq səbəbindən dostlaşan Meena və Minal məktublarında zarafatla bir-birinə “bacım” deyə müraciət ediblər. Lakin zaman keçdikcə əlaqələrini itirib və 15 il ərzində bir-birləri ilə görüşməyiblər.
Aprel ayında aparılan DNT testinin nəticəsində uyğunluğun 100 faiz olduğu müəyyənləşib və iki dostun doğma bacı olduğu təsdiqlənib.
Fransada yaşayan Minal Tijssen telefonuna gələn bildirişdə “bacı” sözünü gördükdə böyük təəccüb keçirdiyini bildirib. O, sosial şəbəkədə fotolara baxarkən həmin şəxsin illər əvvəlki uşaqlıq dostu Meena olduğunu anlayıb.
Görüşlə bağlı hisslərini bölüşən Meena Geltink qəlbindəki çatışmayan parçanın tamamlandığını deyib:
“Səni görəndə özümü evimdəki kimi hiss edirəm”.
Doğumları ilə bağlı heç bir qeydiyyat sənədinə malik olmayan iki bacı həqiqəti öyrəndikləri gündən etibarən hər gün əlaqə saxladıqlarını bildiriblər.