İranın paytaxtı Tehranda su qıtlığı ilə bağlı narahatlıq artır. Şəhərin su təchizatında əsas rol oynayan 5 bənddə su ehtiyatlarının səviyyəsi 26 faizə düşüb.
Manset.az Mehr agentliyinə istinadən xəbər verir ki, Tehran Vilayətinin Su və Kanalizasiya Şirkətinin sözçüsü Behnam Bahşi bildirib ki, bəndlərdəki su ehtiyatı ideal səviyyədən təxminən 220 milyon kubmetr aşağıdır.
Bahşi Tehranın artıq altıncı ildir quraqlıqla üzləşdiyini deyib. Onun sözlərinə görə, bəndlərin ideal səviyyəyə çatması üçün bu il təxminən 280 millimetr yağıntı tələb olunur. Lakin indiyədək yağıntının miqdarı 175 millimetrə belə çatmayıb.
Rəsmi məlumatda Tehranda adambaşına düşən orta gündəlik su istehlakının 180 litr olduğu bildirilib. Paytaxtın cənubunda isə bu göstərici təxminən 160 litrdir.
Bahşi su ehtiyatlarının kritik vəziyyətə yaxınlaşdığını vurğulayaraq sakinləri sudan daha qənaətlə istifadə etməyə çağırıb.