İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Hörmüz boğazından keçən gəmilərə göstərilən xidmətlərə görə ödəniş alınmasını nəzərdə tutan maddəni qəbul edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Kaşkəvinin sözlərinə görə, komissiyanın dünən keçirilən iclasında “Hörmüz boğazının təhlükəsizliyinin və inkişafının təmin edilməsinə yönəlmiş Strateji Fəaliyyət Planı” adlı qanun layihəsinin müzakirəsi davam etdirilib.
İran mətbuatının yaydığı məlumata görə, Kaşkəvi əvvəlki iclasda müzakirəsi təxirə salınan 3-cü maddənin qəbul edildiyini açıqlayıb. Maddəyə əsasən, Hörmüz boğazında göstərilən dənizçilik, ətraf mühitin mühafizəsi, fövqəladə hallarda yanacaq doldurma, sığorta, təhlükəsizlik və digər xidmətlərə görə ödəniş alınacaq.
Kaşkəvi bildirib ki, ödənişlər Hörmüz boğazından keçməsinə icazə verilən ölkələrin gəmilərindən İran rialı və ya Tehranın müəyyən edəcəyi digər valyuta ilə tutulacaq.
O, qanun layihəsində Hörmüz boğazına sahili olan ölkələrin hüquqlarının nəzərə alındığını vurğulayıb. Bildirib ki, beynəlxalq hüquq və qaydalar çərçivəsində dəniz nəqliyyatı azadlığının tanınması ilə yanaşı, sahilyanı ölkələrin təhlükəsizliyinə və suverenliyinə hörmət göstərilməsi, həmçinin bu hüquqların pozulmasının qarşısının alınması da nəzərdə tutulur.
Kaşkəvi Hörmüz boğazı və Fars körfəzinin özünəməxsus qayda və şərtlərinin olduğunu qeyd edib. Onun sözlərinə görə, Oman 1982-ci il tarixli BMT-nin Dəniz Hüququ Konvensiyasını qəbul etdikdən dərhal sonra siyasi bəyanat yayıb və konvensiyanın müddəalarının ölkənin milli suverenliyinə və milli təhlükəsizliyinə xələl gətirməməli olduğunu vurğulayıb.