Avropa İttifaqı (Aİ) Ukraynanın hava hücumundan və raketlərdən müdafiə sistemləri, raketlər, sursat və radarlar alması üçün 6,1 milyard avroluq maliyyələşməni təsdiqləyib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Komissiyası Ukraynanın Müstəqillik Günü münasibətilə müdafiə təchizatı ilə bağlı təsdiqlənən plan barədə yazılı açıqlama yayıb.
Açıqlamada Ukraynanın 6,1 milyard avro dəyərində yeni müdafiə təchizatı planının təsdiqləndiyi və vəsaitin hava hücumundan və raketlərdən müdafiə sistemlərinin, raketlərin, sursatın və radarların alınmasına yönəldiləcəyi bildirilib.
Sözügedən maliyyələşmənin 2026-2027-ci illərdə Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avroluq Ukraynaya Dəstək Krediti çərçivəsində təmin ediləcəyi qeyd olunub.
Açıqlamada yeni planın daha əvvəl təsdiqlənmiş 16 milyard avroluq müdafiə təchizatı paketinə əlavə olduğu bildirilib. Həmin məbləğin 8,35 milyard avroluq hissəsinin artıq Ukraynaya təqdim edildiyi vurğulanıb.
Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayen də məsələ ilə bağlı açıqlamasında Avropanın Ukraynaya dəstəyinin qətiyyətli və konkret olduğunu bildirib.
Rusiyanın hücumlarını intensivləşdirdiyini qeyd edən fon der Lyayen deyib: “Bu gün Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan və raketlərdən müdafiə sistemləri, raketlər, sursat və radarlar üçün 6,1 milyard avroluq maliyyələşməni təsdiqlədik”.
Ukraynaya Dəstək Krediti çərçivəsində 2026-2027-ci illərdə Ukraynaya 30 milyard avro büdcə yardımı və 60 milyard avro müdafiə dəstəyi göstərilməsi nəzərdə tutulur.