Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında məşhur “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,3 milyon dollara satılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Argentina ilə İngiltərə arasında keçirilən və argentinalıların 2:1 hesablı qələbəsi ilə başa çatan 1/4 final qarşılaşmasında Maradona topu İngiltərə millisinin qapıçısı Piter Şiltonun üzərindən əli ilə qapıya göndərib.
Matçdan sonra jurnalistlərə açıqlama verən argentinalı əfsanə qolun “bir az Maradonanın başı, bir az da Tanrının əli ilə” vurulduğunu deyib.
Maradona həmin oyunda İngiltərənin beş futbolçusunu və qapıçı Şiltonu aldadaraq keçib və futbol tarixində “əsrin qolu” adlandırılan ikinci qolunu da vurub.
ABŞ-də fəaliyyət göstərən "Heritage Auctions" şirkətinin təşkil etdiyi hərracda top 3,3 milyon dollara satılıb. Hərracdan əvvəl topun təxminən 10 milyon dollar dəyərində qiymətə satılacağı gözlənilirdi.
Hərrac şirkətinin eksperti Mayk Provenzale satışdan əvvəl Reuters agentliyinə açıqlamasında topun “unikal əşya” olduğunu və futbol tarixinin ən mühüm eksponatlarından biri hesab edilə biləcəyini bildirib.