logo
logo logo
logo

Görüş başa çatdı: “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq - Yeniləndi

19:47 - 06 Sentyabr 2026

Görüş başa çatdı: “Avropa üçlüyü”nün iştirakı ilə ikinci raund olacaq - Yeniləndi

Kiyevdə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən görüşün birinci raundu başa çatıb.


Manset.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

    Birinci raundda danışıqlar Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə keçirilib.

    Danışıqlar zamanı Kuşner bildirib ki, Tramp sadəcə müharibəyə son qoymaq deyil, həm də Ukraynada uzunmüddətli sülh üçün şərait yaratmaq istəyir.

    O əlavə edib ki, gələcək razılaşmalar yeni müharibənin baş verməsi ehtimalını aradan qaldırmalı və Ukraynaya müharibə illərində nümayiş etdirdiyi güc və ixtiraçılıqdan ölkənin inkişafı üçün istifadə etmək imkanı verməlidir: “Bir çox siyasətçi mürəkkəb problemlərdən qorxur. Prezident Tramp həmişə deyir ki, məsələ nə qədər mürəkkəbdirsə, bir o qədər yaxşıdır və buna bütün gücünü sərf etmək lazımdır. Buna görə də o, bu müharibəyə və insanların ölümünə son qoymaq, ailələrin həyatını asanlaşdırmaq üçün çox qətiyyətlidir”.

    Eyni zamanda, Uitkoff bu söhbəti “çox məzmunlu” adlandırıb:

    “Biz ruhlanmışıq və lazım olduğu qədər bundan sonra da işləməyə hazırıq”.

    Uitkoff həmçinin Ukraynanın qonaqpərvərliyinin “misilsiz” olduğunu qeyd edib:

    “Deyərdim ki, bizim çox məzmunlu müzakirələrimiz oldu. Məzmunlu, mühüm müzakirələr. Biz çox ruhlanmışıq və bu günün davamını lazım olduğu qədər səbirsizliklə gözləyirik”.

    Öz növbəsində Zelenski bildirib ki, Uitkoff və Kuşnerin iştirakı ilə artıq iki panel müzakirəsi keçirilib. Prezident müharibənin başa çatması üçün hər şeyi etməyin çox vacib olduğunu vurğulayıb: “Burada hamımız eyni tərəfdəyik – çox istəyirik ki, müharibə olmasın, əzablar yaşanmasın, insanlar həlak olmasın. Bu müharibə ədalətli şəkildə – hamımız üçün ədalətli sülhlə başa çatsın. Həmçinin müharibə elə başa çatmalıdır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünü yenidən başlatması mümkün olmasın. Bunun üçün əlimizdən gələni etməliyik”.

    Qeyd edək ki, ikinci raundda “Avropa üçlüyü” ölkələrinin – Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik məsələləri üzrə müşavirlərinin iştirakı ilə danışıqlar keçiriləcək.


    15:25


    Prezident Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə Kiyevdə görüşü başlayıb.


    Manset.az  xəbər verir ki, bu barədə AzadlıqRadiosu-nun Ukrayna xidməti məlumat yayıb.

    ABŞ nümayəndə heyətini qatardan düşərkən Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və Prezident Ofisi rəhbərinin birinci müavini Serhiy Kıslıtsya qarşılayıblar. Uitkoff və Kuşner ukraynalı rəsmilərlə uzun müddət söhbət edərək görüşüblər.

    Daha sonra amerikalı diplomatların Ukrayna Prezidenti Volodimir Zelenski ilə Müqəddəs Sofiya kafedralının divarları önündə görüşündən kadrlar yayılıb.

    Qeyd olunub ki, Zelenski bu danışıqlardan dərhal öncə Ukraynanın nümayəndə heyəti ilə xüsusi müşavirə keçirib.

    Xatırladaq ki, Uitkoff və Kuşner Kiyevə gəlməzdən əvvəl – sentyabrın 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə 3 saat 10 dəqiqə davam edən qapalı danışıqlar aparıblar. Rusiya tərəfi amerikalı elçilərin münaqişənin tənzimlənməsi ilə bağlı ciddi təkliflərlə gəldiklərini bildirib.


    15:05


    ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukraynaya səfər ediblər.


    Manset.az xəbər verir ki, onlar Ukraynaya qatarla gedib.

    Nümayəndələri Ukraynanın danışıqlar qrupunun üzvləri – Prezident Ofisinin rəhbəri Kirill Budanov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov və David Araxamiya qarşılayıb


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az