İstanbulun Bahçelievler rayonunda kafeyə və İraq Konsulluğuna qarşı törədilən hücumlarda şübhəli bilinən, barəsində beynəlxalq axtarış qərarı olan cinayətkar qrup üzvü Məhəmməd Əli Çınar Gürcüstandakı həbsxanadan azad edildikdən sonra Türkiyəyə daxil olarkən saxlanılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çınar məhkəmənin qərarı ilə həbs edilib.
İstanbul Respublika Baş Prokurorluğunun Mütəşəkkil Cinayətlərlə bağlı İstintaq Bürosunun apardığı araşdırma çərçivəsində məlum olub ki, Məhəmməd Əli Çınar 30 noyabr 2024-cü ildə Bahçelievler rayonunda kafeyə və 21 mart 2025-ci ildə Şişli rayonunda yerləşən İraq Konsulluğuna qarşı törədilən hücumlarla bağlı şübhəli şəxs kimi müəyyən edilib və barəsində beynəlxalq axtarış qərarı çıxarılıb.
Gürcüstanda həbsdə olan Çınarın azadlığa buraxıldıqdan sonra 9 sentyabr 2026-cı ildə Ardahan vilayətindəki Türkgözü sərhəd-keçid məntəqəsindən Türkiyəyə daxil olarkən saxlanıldığı bildirilib.
Çınarın dindirilməsi zamanı onun barəsində “cinayətkar qrupun üzvü olmaq” ittihamı ilə açılmış cinayət işinin İstanbul 31-ci Ağır Cinayətlər Məhkəməsində davam etdiyi müəyyənləşdirilib.
Şübhəli Məhəmməd Əli Çınar istintaq tədbirlərindən sonra məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.