Braziliyanın Mato-Qrosso ştatında kiçik təyyarənin kənd ərazisinə düşməsi nəticəsində 3 nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə ölkənin mərkəzi-qərb hissəsində yerləşən Mato-Qrosso ştatının Aqua-Boa şəhərinin kənd ərazisində baş verib. Şəhər mərkəzindən təxminən 18 kilometr, ştatın paytaxtı Kuyabadan isə 730 kilometr məsafədə qəzaya uğrayan kiçik təyyarə zərbənin təsirindən alışaraq tamamilə yanıb.
Yerli vaxtla saat 08:50 radələrində hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürmək üçün təxminən 4 min litr sudan istifadə ediblər.
Qəzaya uğrayan təyyarənin qalıqlarında aparılan axtarış zamanı tamamilə yanmış vəziyyətdə 3 nəfərin meyiti aşkarlanıb. Onların meyitləri şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məhkəmə-tibbi ekspertizanın aparılması üçün məhkəmə-tibb müəssisəsinə aparılıb.
Təyyarənin haradan havaya qalxdığı və hara uçduğu barədə hələlik məlumat verilməyib. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.