İstanbulda terror təşkilatları İŞİD və “Əl-Qaidə”yə qarşı keçirilən əməliyyat nəticəsində 11 xarici ölkə vətəndaşı saxlanılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Terrorla Mübarizə İdarəsinin əməkdaşları Kəşfiyyat İdarəsinin dəstəyi ilə hər iki terror təşkilatının münaqişə zonalarındakı üzvləri ilə əlaqədə olduğu müəyyən edilən şəxslərin tutulması istiqamətində tədbirlər həyata keçirib.
Hüquq-mühafizə orqanları sosial şəbəkə hesablarında terror təşkilatlarını təbliğ edən paylaşımlar edən və ölkəyə qarşı terror aktları törədə biləcəyi ehtimal edilən şəxslərin kimliyini və ünvanlarını müəyyənləşdirib.
Sözügedən ünvanlarda eyni vaxtda keçirilən əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb. Axtarışlar zamanı bıçaq, 8 ədəd patron və çoxlu sayda rəqəmsal daşıyıcı aşkar edilərək götürülüb.
Şübhəlilər növbəti prosedurlar üçün polis idarəsinə aparılıb.