Türkiyədə məşhurlar arasında parılan narkotik maddə ilə bağlı araşdırma çərçivəsində ötən günlərdə gündəmə gələn aktrisa Afra Saraçoğlu ilə bağlı yeni məlumat yayılıb. Xarici səfərdən qayıtdıqdan dərhal sonra sentyabrın 21-də İstanbul hava limanında saxlanılan aktrisanın Məhkəmə-Tibbi Ekspertiza Müəssisəsində aparılan müayinələri başa çatıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, saç nümunəsində narkotik maddə aşkarlandığı barədə xəbərlərin mətbuatda yayılmasından sonra Saraçoğlu məhkəmə-tibbi ekspertiza rəyinin iş materiallarına əlavə edilməsinin ardından sosial şəbəkə hesabında ictimaiyyətə yazılı açıqlama yayıb.
Aktrisa saç analizinin nəticəsinin onun özü üçün də gözlənilməz olduğunu bildirib və müayinənin detalları ilə bağlı mütəxəssislərin fikirlərinə diqqət çəkib:
“Rəyimizdə heç gözləmədiyim şəkildə saç telimin analizində bir maddənin izinə rast gəlindiyi bizə bildirilib. Mütəxəssislərdən öyrəndiyimə görə, saç teli xarici təsirlərə son dərəcə açıq quruluşa malikdir. Peşəm ilə əlaqədar iştirak etdiyim izdihamlı tədbirlər zamanı fərqinə varmadan passiv təsirə məruz qalma və ya təmas nəticəsində belə texniki izlərin yaranması mümkündür. Qan və sidik analizlərimin nəticələrinin mənfi olması narkotik maddə istifadəçisi olmadığımı təsdiqləyir”.
Saraçoğlu açıqlamasının sonunda ictimaiyyətdən üzr istəyib. O, qanunsuz maddələrdən istifadəyə qəti şəkildə qarşı olduğunu və həyatı boyu bu cür maddələrlə heç bir əlaqəsinin olmadığını bildirib. Aktrisa ona dəstək verən yaxınlarına, eləcə də prosesdə iştirak edən təhlükəsizlik qüvvələrinə təşəkkür edib.