Qırğızıstanda hazırlanmış ilk milli peyk SpaceX şirkətinin Falcon 9 raketi vasitəsilə orbitə buraxılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki,Qırğızıstan Prezidentinin Mətbuat Mərkəzi bildirib ki, ölkənin ilk milli peyki ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Hərbi-Hava Qüvvələri bazasından SpaceX-in Falcon 9 raketi ilə kosmosa göndərilib.
ABŞ-a işgüzar səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarov peykin buraxılış mərasimində iştirak edərək bu tarixi hadisənin şahidi olub.
Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilən layihə çərçivəsində kosmosa göndərilən ilk milli peykin Qırğızıstan iqtisadiyyatı və ətraf mühitin monitorinqi baxımından mühüm rol oynayacağı bildirilib.
Peyk kənd təsərrüfatı sahələrinin və otlaqların vəziyyətini, quraqlıq riskini, həmçinin kənd təsərrüfatı məhsullarının məhsuldarlığını izləmək üçün yüksək ayırdetmə qabiliyyətinə malik optik sensorlardan istifadə edəcək.
Bundan əlavə, peyk Qırğızıstan üçün mühüm əhəmiyyət daşıyan buzlaqların, su ehtiyatlarının, çayların və ətraf mühitdə baş verən dəyişikliklərin izlənilməsinə, eləcə də təbii fəlakət risklərinin əvvəlcədən müəyyənləşdirilməsinə kömək edəcək.
Peykin bütün idarəetmə və məlumat ötürülməsi prosesləri paytaxt Bişkekdə yaradılmış Yerüstü İdarəetmə Mərkəzindən həyata keçiriləcək.