İstanbulun Küçükçekmece rayonunda gecə klubunda silahlı atışma baş verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı atışma nəticəsində biri polis əməkdaşı olmaqla iki nəfər həyatını itirib, daha iki nəfər yaralanıb.
Hadisə Atatürk məhəlləsində, İkitelli prospektində saat 03:40 radələrində baş verib. Gecə klubuna gələn şəxs hələlik məlum olmayan səbəbdən ətrafa atəş açıb.
Bu zaman müəssisənin daxilində olan və məzuniyyətdə olduğu bildirilən polis əməkdaşı silahlı şəxsin atəşinə cavab verib. Qarşılıqlı atəş nəticəsində polis əməkdaşı və atəş açan şəxs ağır yaralanıb.
Müəssisə əməkdaşlarının məlumat verməsindən sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları göndərilib. Tibb əməkdaşlarının müayinəsi zamanı polis əməkdaşı ilə şübhəlinin həyatını itirdiyi müəyyən edilib.