Dünyanın ən varlı şəhərlərindən biri olan Sinqapur qonşu İndoneziyada baş verən yanğınların səbəb olduğu sıx və zəhərli tüstü-duman səbəbindən “dünyanın havası ən çirkli şəhərləri” siyahısında ilk sıraya yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İndoneziyada davam edən meşə yanğınlarının törətdiyi zəhərli tüstü-duman avqust ayından bəri on minlərlə insanda tənəffüs yolları xəstəliklərinə səbəb olub. Sıx və zəhərli tüstü-duman İndoneziya ilə yanaşı, Malayziya və Sinqapurda da havanın keyfiyyətini pisləşdirib. İsveçrədə yerləşən hava keyfiyyətinə nəzarət edən IQAir şirkətinin məlumatlarına görə, qonşu İndoneziyadakı yanğınların yaratdığı sıx və zəhərli tüstü-duman təbəqəsinin təsiri altına düşən Sinqapur dünyanın havası ən çirkli şəhəri olub.
IQAir-in məlumatına əsasən, bu gün Sinqapur şəhərində havanın keyfiyyət indeksi 216 olaraq qeydə alınıb və hava “çox qeyri-sağlam” kimi qiymətləndirilib.
Sinqapurun Milli Ətraf Mühit Agentliyi dumanlı havanın bölgədə son dövrlərdə müşahidə olunan quraqlıq və İndoneziyanın bəzi ərazilərində baş verən yanğınlarla əlaqəli olduğunu açıqlayıb.
Rəsmilər mütəmadi olaraq xəbərdarlıqlar yayaraq əhalini bol su içməyə və açıq havada keçirilən fəaliyyətləri azaltmağa çağırıblar. Məktəblərə açıq havada uzunmüddətli tədbirlərin sayını azaltmaq tapşırılıb. Bəzi məktəblərə isə sinif otaqlarında istifadə olunması üçün hava təmizləyici cihazlar verilib.
İndoneziyadakı yanğınlardan təsirlənən Malayziyanın Kuala-Lumpur şəhəri isə “dünyanın havası ən çirkli şəhərləri” siyahısında ikinci yerdə qərarlaşıb.