Braziliyada aparılan genişmiqyaslı araşdırma göstərib ki, virusları ötürə bilməyən, “Volbaxiya” bakteriyası daşıyan xüsusi ağcaqanad növü dang qızdırması və çikungunya infeksiyalarının yayılmasını təxminən 69 faiz azaldır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatçıların bildirdiyinə görə, bu xüsusi ağcaqanad növünün geniş yayıldığı Braziliya məhəllələrində yaşayan uşaqların dang qızdırmasına və digər təhlükəli virus infeksiyası olan çikungunyaya yoluxma ehtimalı xeyli aşağıdır.
Dünyada dang qızdırmasının ən geniş yayıldığı bölgələrdən birində 5 700-dən çox uşağın iştirakı ilə aparılan genişmiqyaslı araşdırma yeni yanaşmanın səmərəli ola biləcəyinə dair əlavə sübutlar ortaya qoyub. Tədqiqatın nəticələri yalnız həşəratlara qarşı dərman vasitələrinə güvənmək və ağcaqanad sancmalarından qorunmağa çalışmaq əvəzinə, virusları ötürə bilməyən ağcaqanadların yetişdirilməsinin mümkün və səmərəli mübarizə üsulu ola biləcəyini göstərir.
Beynəlxalq tədqiqat qrupunun üzvü, Emori Universitetinin alimi doktor Sri Edupuqantinin sözlərinə görə, “Volbaxiya” bakteriyası daşıyan ağcaqanadların yayıldığı məhəllələrdə məktəb yaşlı uşaqlar arasında dang qızdırması və çikungunya infeksiyalarına yoluxma halları oxşar məhəllələrlə müqayisədə təxminən 69 faiz azalıb.
Alim bu müsbət nəticənin hətta Braziliyada 2024-cü ildə baş vermiş güclü dang qızdırması epidemiyası zamanı da qorunub saxlanıldığını bildirib.
Araşdırmanın nəticələri ABŞ-nin Florida ştatında qeyri-adi dərəcədə genişmiqyaslı virus epidemiyasının qeydə alındığı bir vaxta təsadüf edir. Bu epidemiya ən azı 1940-cı illərdən bəri ABŞ-nin hər hansı bir ştatında müşahidə edilən ən böyük dang qızdırması epidemiyası hesab olunur.
ABŞ-də dang qızdırmasına, əsasən, xarici ölkələrə səyahət edən şəxslərdə rast gəlinir. Lakin cümə gününə olan məlumata görə, Florida səhiyyə orqanları ölkə daxilində yoluxma nəticəsində 650-dən çox xəstələnmə halı qeydə alıblar. Yoluxmaların təxminən dörddə üçü Tampa şəhərinin də yerləşdiyi Hillsboro dairəsinin payına düşür.