ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi hücumlarla bağlı qərar verməzdən əvvəl diplomatik danışıqlara daha çox vaxt ayırmaq niyyətindədir. Bununla belə, Tehranda hərbi hazırlıqlar davam edir, Hörmüz boğazında gəmilər hücumlara məruz qalır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da sabah keçiriləcək Konqresə aralıq seçkilərdən sonra qarşıdurmanın yenidən genişlənə biləcəyi ilə bağlı narahatlıqlar neft və əmtəə bazarlarında qiymətlərin dəyişməsinə səbəb olub. Cümə günü bir bareli 118 dollara qədər bahalaşan Brent markalı xam neftin qiyməti bu gün 110 dollar səviyyəsinə enib.
ABŞ-da sabah keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində diqqətlər yalnız seçkilərin nəticələrinə deyil, Vaşinqtonun İran siyasətinə də yönəlib.
Prezident Donald Tramp seçkilərdən sonra İrana qarşı yeni hərbi əməliyyata başlamaqdansa, diplomatik danışıqlara əlavə vaxt verilməsinə üstünlük verir. Lakin bu yanaşma hərbi qarşıdurma ehtimalının aradan qalxdığı anlamına gəlmir.
İran rəhbərliyi də bir tərəfdən Qətərin vasitəçiliyi ilə aparılan danışıqları davam etdirir, digər tərəfdən isə silahlı qüvvələrə mümkün hücuma qarşı hazır vəziyyətdə olmaq barədə göstəriş verib.
Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumların davam etməsi enerji daşıyıcılarının nəqli ilə bağlı narahatlıqları artırır. Bu vəziyyət qlobal enerji bazarlarında qeyri-müəyyənliyi gücləndirir.