Cənubi Koreya Yaponiya dənizi (Şərq dənizi) üzərindəki Koreya Hava Hücumundan Müdafiə və Tanınma Zonasına (KADIZ) daxil olan Rusiya hərbi təyyarələrinə görə adalardan birində qısamüddətli həyəcan siqnalı elan edib və bölgəyə döyüş təyyarələri göndərib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahından (JCS) verilən açıqlamada bir neçə Rusiya hərbi təyyarəsinin səhər saatlarında KADIZ zonasına daxil olduğu bildirilib.
Açıqlamada təyyarələrin Ullınq adasına yaxınlaşdıqdan sonra bölgəni tərk etdiyi qeyd olunub. Həmçinin Rusiya təyyarələrinin Cənubi Koreyanın hava məkanını pozmadığı vurğulanıb.
Rəsmilər mümkün hadisələrə qarşı taktiki manevrlər həyata keçirmək məqsədilə döyüş təyyarələrinin havaya qaldırıldığını bildiriblər.
Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsü Çonq Binna Rusiyanın Seuldakı səfirliyinin diplomatlarından birinin gün ərzində nazirliyə çağırılacağını və hadisə ilə bağlı rəsmi etirazın ona çatdırılacağını açıqlayıb.