Bolqarıstan parlamenti “qızıl pasport” kimi tanınan investisiya üçün pasport və vətəndaşlıq verilməsi praktikasına son qoyub.
Manset.az xəbər verir ki, ölkəyə təxminən 1 milyon avro sərmayə qoyan üçüncü ölkə vətəndaşlarına sərbəst hərəkət kimi üstünlüklər təmin edən təcrübə son illərdə Avropa parlamentinin sərt reaksiyasına səbəb olub.
“Əcnəbilər haqqında” qanuna edilən dəyişikliyə əsasən, indiyədək verilmiş bütün qızıl pasportlarla bağlı araşdırma aparmaq da Dövlət Milli Təhlükəsizlik Agentliyinə həvalə edilib.
Araşdırmanın nəticələrinə görə, hər bir pasportla bağlı yeni qərar verilə bilər.
Hakim koalisiyadan olan Bolqarıstan Sosialist Partiyasının deputatı Krum Karkov bildirib ki, bu qərarla Bolqarıstan Aİ-nin “qara siyahısı”ndan çıxarılacaq.
Yunan Kipr administrasiyası və Malta kimi qızıl pasport verən Bolqarıstanın da Aİ-nin tənqidinə məruz qalmasından sonra məsələ parlamentdə müzakirə olunub.
Müəyyən edilib ki, 2013-cü ildən ölkədə qüvvədə olan praktikaya uyğun olaraq 200-dən çox pasport almış rusiyalı oliqarxlar və bəzi digər şəxslər prosedura uyğun olaraq sərmayələrini son qəpiyə qədər geri götürüblər.