Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Avropa İttifaqını həm hərbi, həm də iqtisadi cəhətdən zəiflətmək məqsədi daşıdığını iddia edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lavrov bəyan edib ki, avropalılar Rusiya əleyhinə sanksiyalardan ABŞ-dən qat-qat çox əziyyət çəkirlər.
Onun sözlərinə görə, təkcə Rusiyada deyil, Qərbdə də iqtisadçılar ABŞ-nin Avropanı sənayesizləşdirmək istədiyi qənaətinə gəliblər.
"Avropanı hərbi cəhətdən zəiflətmək, onu daim təzyiq altında saxlamaq, Ukraynaya silah göndərməyə məcbur etmək və bunun müqabilində Aİ ölkələrinin silah anbarını Amerika təchizatı ilə doldurmaq Vaşinqtonun marağındadır", - Lavrov deyib.