Kremlin sözçüsü Dmitriy Peskov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsi ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, “Bu prosesin təşkilatçıları ehtiyatlarımızın talanını başa çatdırmağa çalışırlar. Bu, BMT platformasından istifadə edərək quldurluğun rəsmiləşdirilməsidir. Rusiya buna qəti şəkildə qarşı çıxır. Son altı ayda beynəlxalq hüququn bütün qaydaları pozulmaqla, reket kimi xüsusi mülkiyyətin müsadirə edilməsi üstünlük təşkil edib. Atacağımız addımları müəyyənləşdirərkən bütün bunları nəzərə alacağıq” - deyib.
O, Rusiyanın dondurulmuş qızıl-valyuta ehtiyatları üçün lazım olan hər şeyi edəcəyini vurğulayıb.
193 üzvdən ibarət BMT Baş Assambleyası dünən Rusiyanın Ukrayna daxilində və ya ona qarşı beynəlxalq hüququn hər hansı pozuntusuna görə məsuliyyət daşımasını tələb edən qətnamə üçün səs verib.
94 ölkə lehinə, 14 ölkə əleyhinə səs verib, 74 üzv ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə səs verən üzv ölkələr arasında Rusiya, Çin, İran və Suriya da var.