Avropa İttifaqı (Aİ) liderlərinin Kiyevə səfəri zamanı iştirakçılardan Ukrayna prezidenti Vladimir Zelenskinin hərbi üslubuna kölgə salmayacaq paltar geyinmələri istənilib.
Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı liderləri Ukraynanın paytaxtı Kiyevdə prezident Vladimir Zelenski ilə görüşüb. Sammitdə tətbiq edilən geyim tərzi müzakirələrə səbəb olub. Politico yazır ki, Kiyevdə keçirilən sammitdə Aİ liderlərinə Zelenskinin məşhur yaşıl köynəyi ilə birlikdə onun hərbi üslubuna kölgə salan paltar geyinməmək barədə xəbərdarlıq edilib.
Avropa Şurasının sədri Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də daxil olmaqla Brüsseldən Kiyevə gedən qrupdan çox gözə çarpan paltar geyinməmələri istənilib.
Avropa Komissiyasının Baş Katibliyindən göndərilən memorandumda iştirakçılara “Yaşıl və xaki rənglərindən uzaq durmaq, rəsmi geyim geyinmək” tapşırılıb. Bəzi Aİ diplomatları da notanı təsdiqləyərək bunun siyasi mesaja uyğun olduğunu bildiriblər.
Bu arada, Rusiyaya qarşı yeni sanksiyaların və Ukraynanın Aİ-yə üzvlüyünün müzakirə edildiyi sammitdə Kiyevdə və ölkənin bir çox yerində hava hücumu siqnallarının səslənməsi diqqət çəkib.
Sammitdə qəbul edilən birgə bəyanatda deyilib ki, Aİ Rusiyanın davam edən təcavüzkar müharibəsinə qarşı lazım olduğu müddətcə Ukraynanı və Ukrayna xalqını dəstəkləyəcək.
Davud