Fevralın 3-də ABŞ-ın Ohayo ştatının Şərqi Fələstin şəhəri yaxınlığındakı dəmir yolunda baş verən ekoloji fəlakətdə kimyəvi maddələr daşıyan 150 vaqonluq qatarın 50 vaqonunun relsdən çıxması nəticəsində partlayışlar baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, partlayışlardan sonra ətraf mühitə yüksək miqdarda zəhərli kimyəvi maddələrin yayılması ilə əlaqədar rayon sakinlərinin təxliyəsi qərara alınıb. Hadisədən sonra mətbuatda rayon sakinlərinin baş ağrısı, göz yanması, öskürək, halsızlıq, heyvanların tələf olması kimi şikayətlərin olması barədə məlumatlar yayılıb. New York Post qəzeti də qatarın daşıdığı zəhərli kimyəvi maddələrin miqdarının elan ediləndən çox olduğunu yazıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü həmin bölgəni “Çernobıl” adlandıraraq, "Görünür, ABŞ-da bəzi insanlar relsdən çıxan qatarın səbəb olduğu partlayış və zəhərli kimyəvi sızıntıdan çox, üzən mülki hava şarını böyük təhlükə kimi qəbul edirlər. #OhayoÇernobıl" - tvitində yazıb.
Senat və Nümayəndələr Palatasının aşağı palatasının deputatları Ohayo ştatında zəhərli kimyəvi maddələr daşıyan qatarı relsdən çıxaran və ekoloji fəlakətə səbəb olan qəzaya aydınlıq gətirmək üçün nəqliyyat naziri Pit Buttiqiyə çağırış ediblər.
Respublikaçı senatorlar Qəzadan sonra yayılan kanserogen kimyəvi maddələrin bölgədəki havanı və suyu çirkləndirdiyinə diqqət çəkiblər. Nümayəndələr Palatasının üzvü, Demokrat millət vəkili İlhan Ömər də Tvitter hesabında sözügedən qəzanın uzun illər sakinlərin sağlamlığına və rifahına mənfi təsir göstərəcəyini qeyd edərək, “Milli medianın bu məsələ ilə maraqlanması demək olar ki, sıfırdır” - ifadəsini işlədib. Ömər, Konqresdə məsələ ilə bağlı araşdırma açılmalı və məsələ ilə bağlı hərəkətə keçilməsi lazım olduğunu bildirib.
Manşet.az