Fevralın 3-də ABŞ-ın Ohayo ştatında zəhərli kimyəvi maddələr daşıyan qatarın relsdən çıxması böyük ekoloji fəlakətə səbəb olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kimyəvi fəlakətdən sonra “ABŞ-ın Çernobılı” kimi təsvir edilən bölgədə müxtəlif xəstəliklər baş qaldırıb. Fevralın 3-də baş verən ekoloji fəlakətdə kimyəvi maddələr daşıyan 150 vaqonun olduğu qatarın 50 vaqonunun relsdən çıxması nəticəsində partlayışlar baş verib. Partlayışlardan sonra ətraf mühitə yüksək miqdarda zəhərli kimyəvi maddələrin yayılması ilə əlaqədar rayon sakinlərinin təxliyəsi qərara alınıb.
Kimyəvi partlayışdan sonra sakinlərdə baş ağrısı, göz yanması, öskürək və halsızlıq kimi şikayətlərə, heyvan ölümlərinə də rast gəlinib.
Federal və yerli rəsmilər sakinlərə "qaynadılmış su istehlak etməyi" tövsiyə edir. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) direktoru Maykl Reqan ötən gün bölgəyə səfəri zamanı yerli rəsmilərlə görüşüb və qəza ilə bağlı məlumat alıb.
EPA Ohio bölməsi və əyalət rəsmiləri kimyəvi sızıntıların səbəb olduğu çirklənməni idarə etmək üçün su yollarına neft saxlayan maneələrin qoyulduğunu, çirklənmiş torpaq və suyun aerasiya üsulu ilə təmizlənməsinə çalışıldığını bildirib.
Manşet.az