Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvada rəsmi səfərdə olan Suriya rejimi lideri Bəşər Əsədlə Kreml sarayında görüşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünənki görüşlə bağlı Kremldən verilən açıqlamada iki liderin açıqlamaları yer alıb. Putin, onların davamlı ünsiyyətdə olduğunu və iki ölkə arasında əlaqələrin yaxşılaşdığını bildirib:
“Bizim birgə səylərimiz sosial-iqtisadi və daxili siyasi vəziyyəti sabitləşdirməyə imkan verir. Bununla belə, Suriya xalqı dağıdıcı zəlzələ kimi başqa bir çox ciddi problemlə üzləşdi. Təbii ki, bu, vəziyyəti daha da gərginləşdirir. Biz əsl dostlar kimi sizə dəstək olmağa çalışırıq. Bildiyiniz kimi, Suriyadakı həm Fövqəladə Hallar Nazirliyindən, həm də Silahlı Qüvvələrimizdən olan nümayəndələrimiz də zəlzələdən xilasetmə işlərinə öz töhfələrini verirlər. Amma hər şeyə baxmayaraq, iqtisadiyyat da daxil olmaqla əlaqələrimiz inkişaf edir. Ötən il ticarət dövriyyəsində 7 faiz artım qeydə alınıb. Gələn il biz ölkələrimiz arasında diplomatik əlaqələrin 80 illiyini qeyd edəcəyik”.
Əsəd Moskvada olmaqdan məmnun olduğunu ifadə edib:
“Hər iki tərəfdən müxtəlif rəsmilər davamlı olaraq görüşməyə davam edir. Amma beynəlxalq arenada baş verən müxtəlif dəyişikliklərə görə, biz yəqin ki, daha tez-tez görüşməliyik ki, necə irəliləyəcəyimizi müəyyənləşdirək. İlk növbədə, mən sizə və Fövqəladə Hallar Nazirliyinin xətti ilə fəaliyyət göstərən və zəlzələdən sonra bizə kömək edən Rusiya Federasiyasının bütün nazirliklərinə təşəkkür etmək istəyirəm. Son üç gün ərzində müxtəlif nazirliklərimiz arasında aparılan danışıqların nəticələrindən çox məmnunam. Hesab edirəm ki, bu son bir neçə ilin ən yaxşı görüşləridir. Düşünürəm ki, bu dəfə əldə etdiyimiz nəticələr praktikada maliyyə-iqtisadi əlaqələrimizi daha da yaxşılaşdırmağa kömək edəcək”.
Manşet.az