ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) sızan çoxsaylı sənədlər Ukraynada bir çox Qərb ölkələrinin xüsusi təyinatlılarının fəaliyyət göstərdiyini üzə çıxarıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sənədlər bir ildən artıqdır davam edən müharibədə bu istiqamətdə irəli sürülən fərziyyələri təsdiqləyir.
Amerika administrasiyası sənədlərin sızması ilə bağlı araşdırmaya başlayıb. ABŞ müdafiə naziri Lloyd Austin Ədliyyə Nazirliyinin araşdırma nəticəsində sızmanın mənbəyini tapmaqda qərarlı olduğunu bildirib.
Bəziləri “tam məxfi” kimi təsnif edilən sənədlərdə Ukraynanın Rusiyaya qarşı əks-hücum planları da daxil olmaqla, çoxlu məlumatlar var.
23 mart tarixli sənədə əsasən, Ukraynadakı ən böyük xarici xüsusi təyinatlı 50 nəfərlik komanda ilə Böyük Britaniyaya məxsusdur. İngiltərəni Latviya (17), Fransa (15), ABŞ (14) və Hollandiya (1) izləyir.
Sənədlərdə xüsusi təyinatlıların harada yerləşdiyi və Ukraynada konkret olaraq nə işlə məşğul olduqları barədə ətraflı məlumat yoxdur. Onların sayı nisbətən az görünsə də, demək olar ki, xüsusi təyinatlılar mahiyyətcə kifayət qədər effektivdir.
Rusiya artıq bir müddətdir ki, təkcə Ukrayna ilə deyil, həm də NATO ilə mübarizə apardığını iddia edir.
İngiltərə Müdafiə Nazirliyi bu məsələlərlə bağlı standart siyasətini davam etdirərək mövzu ilə bağlı heç bir şərh verməyib. Bununla belə, çərşənbə axşamı nazirliyin Twitter hesabında yer alan yazıda sızan Amerika sənədlərində ciddi səhvlərin olduğu bildirilib.
Nazirlik müvafiq xəbərləri oxuyanlara xəbərdarlıq edib ki, “iddiaları göründüyü kimi qəbul etməkdə diqqətli olsunlar”. Lakin açıqlamada hansı sənədlərdə yanlış məlumatların olması barədə ətraflı məlumat verilməyib.
Britaniya xüsusi təyinatlıları müxtəlif ixtisaslara malik bir neçə elit hərbi hissədən ibarətdir və öz sahələrində dünyanın ən bacarıqlı bölmələri sırasında sayılırlar.
Digər ölkələrdən, o cümlədən ABŞ-dan fərqli olaraq, Britaniya hökuməti xüsusi təyinatlı qüvvələrinə münasibət bildirməmək siyasəti aparır.
Böyük Britaniya ABŞ-dan sonra Ukraynaya ən çox hərbi və maliyyə yardımı göstərən ölkədir.
Manşet.az