BMT Təhlükəsizlik Şurasının dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə iclası keçirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın sədrliyi ilə "BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi ilə effektiv çoxtərəflilik" gündəliyi ilə keçirilən iclasda Moskvaya qarşı sərt tənqidlər səsləndirilib. İclasda Lavrovun yanında əyləşən BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın Ukraynada törətdiyi “dağıdıcılığı” pisləyərək, Rusiyanın işğalının beynəlxalq hüququ pozduğunu və Ukrayna xalqına “böyük əzab” verdiyini bildirib.
Avropa İttifaqının BMT-dəki nümayəndəsi Olof Skooq “Rusiya bu görüşü təşkil etməklə özünü BMT Konvensiyasının müdafiəçisi kimi təqdim etməyə çalışır. Reallıqdan bu qədər uzaq oluna bilməzdi. Bu, gülünc vəziyyətdir”, - o, Rusiyanı tənqid edib.
Sergey Lavrov isə sessiyadan əvvəl verdiyi açıqlamada BMT sisteminin "dərin böhrandan keçdiyini" bildirib və başda ABŞ olmaqla Qərb ölkələrini bu vəziyyətə görə məsuliyyət daşımaqda ittiham edib.
Manşet.az