Ukraynanın müdafiə naziri Oleksii Reznikov Rusiyaya qarşı hücuma hazırlığın sona çatdığını bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Reznikov Ukrayna Silahlı Qüvvələrinin Mətbuat Mərkəzində keçirilən görüşdə əks-hücum üçün hazırlıqların tamamlanmaq üzrə olduğunu bildirib.
Müttəfiq ölkələrin Ukrayna üçün elan etdiyi texnikanın qismən çatdırıldığına diqqət çəkən Reznikov bəzi silah növləri ilə bağlı təlimin sona çatdığını bildirib.
“Hazırlıqlar sona çatır, çünki bizim əsgərlərimizin silah və texnikadan əlavə təlimə ehtiyacı var”.
Reznikov, Ukraynanın Leopard 2 və Challenger tanklarının daxil olduğu “tank koalisiyası” ilə yanaşı çoxlu sayda müxtəlif tipli zirehli texnika aldığını qeyd edib:
“Leopard 1 tankları gələcək. Biz daha çox Abrams gözləyirik, lakin onların bu əks-hücumla ayaqlaşa bilməyəcəyini düşünürəm. Amma komandalarımız məşqə çıxıblar”.
Ukrayna ordusunun başda Bradley və Marder olmaqla çoxlu sayda zirehli texnika aldığını bildirən Reznikov bu texnikanın hazır vəziyyətə gətirildiyini və qismən təhvil verildiyini qeyd edib.
Hələ təlimi başa çatmayan texnikaların olduğunu vurğulayan Reznikov, “Baş komandan tərəfindən yer müəyyən edildikdən sonra komandalar texnika ilə gələcək. Biz qlobal səviyyədə hazırıq. Allahın izni, hava şəraiti və komandirlərin qərarı olan kimi (əks-hücum) edəcəyik” – bəyan edib.
Manşet.az