Rusiya gecə saatlarında paytaxt Kiyev də daxil olmaqla Ukrayna şəhərlərinə intensiv hava zərbələri endirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko sosial media hesabından verdiyi açıqlamada rusların gecə saatlarında Ukraynaya güclü hücum təşkil etdiyini bildirib.
Hücumların ilkin təsbitlərə görə Tu-95 strateji təyyarələri ilə həyata keçirildiyini bildirən Popko, "Paytaxtda hava hücumu xəbərdarlığı təxminən 3 saat davam etdi. Ruslar qanadlı raketlər və PUA-larla eyni anda hücuma keçdi" – deyib.
Popko Kiyev hava məkanında bütün Rusiya raketləri və PUA-larının müdafiə sistemləri tərəfindən məhv edildiyi, mülki şəxslər arasında itkilərin qeydə alınmadığı, mənzillərə və ya infrastrukturlara heç bir ziyan dəymədiyi barədə məlumat paylaşıb.
Ukrayna Baş Qərargahının açıqlamasına görə, Rusiya ordusu gecə saatlarında Kramatorsk, Konstantinivka və Pavloqrad şəhərlərinə 5 raketlə hücum edib.
Dnepropetrovsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak sosial media hesabında Rusiyanın Pavloqrada təşkil etdiyi hücumlarda 3-ü uşaq olmaqla 25 nəfərin yaralandığını bildirib.
Manşet.az