2018-ci ildə ABŞ-ın Pensilvaniya ştatında sinaqoqa hücum edən Robert Bowers federal münsiflər heyəti tərəfindən ölüm cəzasına məhkum edilib.
Manset.az xaric informasiya vasitələrinə istinadən xəbər verir ki, iki günlük müşavirədən sonra 12 nəfərlik federal münsiflər heyəti yekdilliklə 50 yaşlı Robert Bowersə ölüm hökmü çıxarmağa qərar verib.
Bildirilib ki, qərar yekdil olmasaydı, Bowers şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum ediləcəkdi.
2018-ci ildə Pensilvaniya ştatının Pittsburq şəhərində Həyat Ağacı sinaqoquna edilən hücum ABŞ-da yəhudilərə qarşı ən ölümcül hücum olaraq qeydə alınıb. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən 63 ittihamın hamısından iyunun 16-da mühakimə olunub. Cinayətlərdən 22-si isə ölüm cəzasının tətbiq oluna biləcəyi cinayətlərdir.
Bowersin vəkili Cudi Klark məhkəmədə bildirib ki, indi sizdən ölümü yox, həyatı seçməyinizi xahiş edirik.
Sözügedən hökm ABŞ prezidenti Co Baydenin rəhbərliyi altında verilən ilk federal ölüm hökmü kimi qeydə alınıb.
Aygün
Manşet.az