Avropa Birliyində işləyən İsveç vətəndaşı 500 gündən çoxdur İranda həbsdə saxlanılır.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı “The New York Times” qəzeti xəbər yayıb. Qəzet İranda həbs edilən şəxsin kimliyini də açıqlayıb.
Bildirilib ki, onun həbsi bir ildən artıqdır İsveç və Avropa Birliyi səlahiyyətliləri tərəfindən gizli saxlanılıb.
Xəbərdə qeyd olunub ki, 33 yaşlı İsveç vətəndaşı Yuhan Flodrus Avropa İttifaqı ilə bağlı qurumlarda bir neçə vəzifə tutub. O, ötən ilin yazında İrana turistik səfər edib. Həmin il aprelin 17-də geri qayıtmaq istəyərkən hava limanında həbs edilib.
Bildirilib ki, Tehran fürsətçi şəkildə ikili vətəndaşlığı olan iranlıları və əcnəbiləri qondarma ittihamlarla həbsə atır. Məqsəd isə onları Avropa və Amerikada saxlanılan məhbuslarla mübadilə etmək və ya maliyyə resurslarına və sair digər imtiyazlar əldə etmək üçün onlardan təzyiq vasitəsi kimi istifadə etməkdir.
Aygün
Manşet.az