Sudanın paytaxtı Xartumda bazara pilotsuz təyyarənin hücumu nəticəsində azı 40 nəfər ölüb, 60 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında aprelin 15-də başlayan qarşıdurmalar davam edir.
Yerli mənbələr hücumun ordu tərəfindən edildiyini iddia edib. Tərəflər hücumda bir-birini günahlandırıb.
Qeyd edək ki, ordu ilə RSF arasındakı gərginlik 5 dekabr 2022-ci ildə imzalanan “çərçivə sazişi”ndən irəli gəlir. Sənəd RSF-nin orduya tam inteqrasiyasını özündə ehtiva edir. Ordunun başında olan Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhan üsyançılarla mübarizə aparmaq üçün yaradılmış RSF-nin müstəqil bir qüvvə kimi fəaliyyət göstərməməsi üçün orduya qoşulmalı olduğunu bildirib. RSF lideri General Mohammed Hamdan Dagalo bunun mülki bir idarə ilə edilməli olduğunu müdafiə edir. Aygün
Manşet.az