ABŞ prezidenti Co Bayden və Vyetnam Kommunist Partiyasının (VKP) baş katibi Nguyen Phu Trong iki ölkə arasında münasibətlərin səviyyəsini “hərtərəfli strateji tərəfdaşlığa” yüksəltmək barədə razılığa gəliblər.
Manset.az xarici mediaya istinadən xəbr verir ki, görüş Hindistanda keçirilən G20 Sammitindən sonra Vyetnamın paytaxtı Hanoy şəhərində baş tutub.
Yeni tərəfdaşlıq sayəsində ABŞ və Vyetnam arasında iqtisadi, ticarət və investisiya əməkdaşlığının yüksək səviyyəyə qaldırılacağı bildirilib.
İlk səfərini Vyetnama edən Bayden Çinlə “soyuq müharibə” başlatmağa çalışmadığını vurğulayıb. Həmçinin, məqsədinin ABŞ-ın Vyetnam və digər Asiya ölkələri ilə əlaqələrini yaxşılaşdıraraq dünyada sabitlik yaratmaq olduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ və Vyetnam 1955-1975-ci illərdə Soyuq Müharibə illərində 20 il davam edən qanlı müharibə aparıblar. Müharibədə 1 milyondan çox Vyetnam əsgəri və 180 minə yaxın dinc sakin, ABŞ isə 58 min əsgərini itirib. Son zamanlar isə ABŞ Çinin regionda artan nüfuzunu və hərbi mövcudluğunu balanslaşdırmaq üçün mövcud ittifaqlarını yeni əlaqələrlə gücləndirmək, eyni zamanda, yeni müttəfiqlik tərəfdaşlıqları qurmaq üçün addımlar atıb.
Aygün
Manşet.az