İngiltərə kralı III Çarlz taxta çıxdıqdan sonra ilk dəfə Fransaya rəsmi səfər edib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət səfəri çərçivəsində xanımı Kraliça Kamilla ilə birlikdə Fransanın paytaxtı Parisə gələn Kral III Çarlzı Orli hava limanında Fransanın baş naziri Elizabet Borne qarşılayıb.
Kral III Çarlz və xanımı Kamilla Parisin ən məşhur küçəsi olan Yelisey meydanında yerləşən Zəfər tağında Fransa prezidenti Emmanuel Makron, xanımı Birijit Makron və Fransanın müdafiə naziri Sebastien Lekornu tərəfindən qarşılanıb.
İki ölkənin dövlət himnləri oxunarkən kral III Çarlz və Makron “naməlum əsgərin məzarı” önünə əklil qoyublar.
Kral III Çarlz Makronla birlikdə Yelisey küçəsində onun üçün keçirilən hərbi mərasimə qatılan əsgərlər və qonaqlarla əl sıxaraq söhbət edib.
Mərasimi izləməyə gələnlər Şampiyon Yelisey küçəsində təhlükəsizlik tədbirlərinin görüldüyü ayrılmış hissələrdə iştirak ediblər.
Mərasimdən sonra Kral III Çarlz və Makron ikitərəfli görüş üçün eyni avtomobildə Yelisey Sarayına gediblər.
İngiltərə kralı və Fransa prezidenti ikitərəfli görüş zamanı iqlim, biomüxtəliflik, süni intellekt, eləcə də Sahel və Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
Görüşdən sonra Kral III Çarlz Makronun Versal sarayında onun üçün verəcəyi rəsmi şam yeməyinə qatılacaq.
Kral III Çarlz Fransaya 3 günlük səfəri çərçivəsində sabah Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edəcək, daha sonra bərpa işlərinin davam etdiyi Notr-Dam Katedralini ziyarət edəcək.
İngiltərə kralı III Çarlz sentyabrın 22-də ölkənin cənubundakı Bordo şəhərinə gedəcək və orada fransız və ingilis əsgərləri ilə görüşəcək.
Kral III Çarlzın martın 26-29-da Fransanın müxtəlif şəhərlərinə planlaşdırdığı səfəri o vaxt ölkədə şiddətlənən etirazlar səbəbindən təxirə salınmışdı.
Qeyd edək ki, Kral III Çarlz Fransaya sonuncu dəfə 2019-cu ildə taxta çıxmazdan əvvəl səfər edib.
Jalə
Manşet.az