İsrail ordusu Qəzza ilə bağlı xəbərlərə müxtəlif qadağalar qoyub.
Manset.az-ın məlumatına görə, İsrail müharibənin gedişi və ordunun fəaliyyəti ilə bağlı bütün xəbər və görüntülərin dərc edilməzdən əvvəl onun “senzura bölməsi”nə göndərilməsini tələb edib.
İsrail ordusunun Hərbi Kəşfiyyat İdarəsinin Hərbi Senzura Bölməsi mətbuata göndərdiyi məktubda "Sizi İsrail ordusu və İsrail təhlükəsizlik qüvvələrinin fəaliyyəti ilə bağlı bütün materialları dərc edilməzdən əvvəl senzura bölməsinə göndərməyinizi tövsiyə etmək istərdik", ifadələrdən istifadə olunub.
Məktubda dərc edilməsinə icazə verilməyən və dərc edilməzdən əvvəl Hərbi Senzuraya təqdim edilməsi tələb olunan mövzuların siyahısı yer alıb:
1- Girovlar: Şəxsi məlumatlar; tutduqları bütün vəzifələr, sağlamlıq vəziyyəti, İsrailin danışıqlar statusu və girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı bütün detallar.
2- Əməliyyat təfərrüatları: Təhlükəsizlik qüvvələrinin döyüş nizamı və toplaşma sahələri, qoşunların hərəkəti, əməliyyat planları və gizli əməliyyatlar.
Dəmir günbəz sistemi və digər hava və raketdən müdafiə sistemlərinin yerləşdirilməsi, yeri və imkanları da daxil olmaqla, İsrail ordusunun zəif nöqtələri haqqında məlumat vermək qadağandır. Həmçinin İsrail qüvvələrini, onların formalaşmasını və əhatə dairəsini müəyyən edə biləcək foto və ya videoların dərc edilməsi qadağandır.
3- Kəşfiyyat: Düşmənin niyyət və imkanları ilə bağlı hər cür kəşfiyyat.
4- Silah sistemləri: İsrail ordusunun istifadə etdiyi silah sistemlərinin təfərrüatları, düşmənin əlinə keçən İsrail ordusuna aid texnika (xəbərləriniz düşmən mənbələrinə əsaslansa belə).
5- Raket hücumları: Elektrik stansiyaları, qaz və su infrastrukturu, nəqliyyat anbarları, hərbi və müdafiə bazaları, fabriklər və digər həssas ərazilər kimi strateji infrastruktur hədəflərini vuran raket hücumları haqqında məlumat vermək qadağandır.
6- Kiberhücumlar: Təhlükəsizlik qurumlarına, federal və milli qurumlara qarşı hücumlar haqqında məlumat vermək qadağandır. İsrailin düşmənə qarşı kiberhücumları barədə məlumat vermək də qadağandır.
7- Yüksək səviyyəli məmurların səfərləri: Baş nazir, Müdafiə Naziri, Baş Qərargah rəisi, nazirlər, millət vəkilləri və digər yüksək səviyyəli rəsmilərin döyüş bölgələrinə səfərləri zamanı orada olduqlarını bildirmək qadağandır.
8- Təhlükəsizlik kabineti: Nazirlər Kabinetinin iclasının təfərrüatları və məlumatları ilə bağlı hər hansı xəbər dərc edilməzdən əvvəl Hərbi Senzuraya təqdim ediləcək.
Məktubda mətbuat təşkilatlarından sözügedən məktubun məzmunu ilə bağlı əməkdaşlarına məlumat vermələri xahiş olunub.
Əfsanə
Manşet.az