Oktyabrın 7-dən bəri İsrail ilə Fələstin arasında davam edən qarşıdurmalarda 33 jurnalistin öldüyü, hücumlarda 8 jurnalistin yaralandığı, 9 jurnalistin isə ya itkin düşdüyü, ya da saxlanıldığı bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat verib.
Bəyanatda vurğulanıb ki, Qəzza zolağında jurnalistlər İsrailin hücumları, kəsilən rabitə və elektrik kəsilməsi səbəbindən xəbər yaymağa çalışarkən yüksək risklərlə üzləşirlər. Açıqlamada jurnalistlərin ailə üzvlərinə qarşı hücumların, həbslərin, təhdidlərin, senzuraların və qətllərin davam etdiyi bildirilib.
CPJ-nin Yaxın Şərq və Şimali Afrika koordinatoru Şerif Mənsur, "CPJ jurnalistlərin böhran dövründə mühüm işlər görən mülki şəxslər olduğunu və müharibə edən tərəflər tərəfindən hədəf alınmamalı olduqlarını vurğulayıb. Bölgədəki jurnalistlər bu dəhşətli münaqişəni işıqlandırmaq üçün böyük fədakarlıqlar edirlər. Xüsusilə Qəzzada misli görünməmiş bir bədəl əvəzini ödədilər və ödəməyə davam edirlər. Gedərək artan təhdidlərlə üzləşirlər. Bir çoxları həmkarlarını, ailələrini və media obyektlərini itiriblər".
CPJ, həmçinin həyatını itirən bütün jurnalistlərin adları, işlədikləri qurumlar, tutduqları vəzifələr, vəfat etdikləri yer və tarixlərin siyahısını dərc edib.
Əfsanə
Manşet.az