Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq prosesi keçirilib.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.
Məhkəmə baxışı iyunun 25-nə təyin olunub.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.
Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.
Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.
Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.