İmişli rayonunda ağır yol qəzası baş verib.
Manset.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişlinin Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, bu gün saat 14:00 radələrində rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (1-i uşaq olmaqla 3-ü kişi, 2-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara kəllə əsasının sınığı, daxili orqanların zədələnməsi, travmatik şok, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 2004-cü il təvəllüdlü şəxsin (kişi) ölüm faktı qeydə alınıb.