Qobustan geoloji rayonunda yerləşən və aktivliyi ilə tanınan Durandağ palçıq vulkanı növbəti dəfə güclü şəkildə püskürüb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.
Təqribən 15 dəqiqə davam edən aktiv mərhələ zamanı yüzlərlə metr yüksəkliyə qalxan alov sütunu müşahidə edilib, yer səthinə böyük həcmdə palçıq brekçiyası xaric olunub.
Hadisə yerində püskürmənin həcmini qiymətləndirmək məqsədilə AR ETN Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin əməkdaşları - baş elmi işçi, Yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov, həmçinin mühəndislər Elmar Səmədov və Orxan Mehdiyev araşdırma aparıblar. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirak etdiyi monitorinqlər zamanı müəyyən edilib ki, püskürmənin aktiv mərhələsi qısa olsa da, vulkanın püskürmə mərkəzində intensiv alovlanma prosesi davam etməkdədir. Alovlanma nəticəsində vulkan strukturunun şərq yamacında və ətraf bitki örtüyü ərazisində geniş yanğın sahəsi əmələ gəlib.
Araşdırmanın ilkin nəticələrinə əsasən müəyyən olunub ki, yer səthinə atılan palçığın orta qalınlığı təqribən 0.9 metr, ümumi yayılma sahəsi isə 14 hektar təşkil edir. Püskürmə zamanı xaric olunan palçığın ümumi həcmi 126 000 m³ həcmində qiymətləndirilir. Püskürmə hadisəsi vulkan sahəsində güclü dağıdıcı təsirlərlə müşayiət edilib, palçıq axını zonasının şimal və cənub kənarlarında kilometrlərlə ölçülən çoxsaylı radial çatlar formalaşıb.
Məlumat üçün bildirək ki, bu hadisə Durandağ vulkanının sayca yeddinci paroksizmi (püskürməsi) olaraq qeydə alınıb. Vulkanın əvvəlki püskürmələri 1960, 1968, 1986, 2001, 2004 və 2016-cı illərdə baş vermişdi.
Hazırda Durandağ palçıq vulkanında elmi araşdırmalar davam etdirilməklə, püskürmə nəticəsində yer səthinə çıxan süxur nümunələrinin laborator şəraitdə analitik araşdırmaları aparılır.