Mingəçevirdə çoxmənzilli yaşayış binasında yanğın baş verib.
Manset.az xəbər verir ki, hadisə məcburi köçkünlərin kompakt məskunlaşdığı 2-ci çoxmənzilli qəsəbədə, 11 saylı binada qeydə alınıb.
Yanğın zamanı bina sakinləri Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təxliyə edilib.
İlkin məlumata görə, bir neçə sakin tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Hazırda ərazidə “Azəriqaz” və Dövlət Su Agentliyinin əməkdaşları da fəaliyyət göstərirlər.
İlkin ehtimala görə, yanğın binanın elektrik naqillərinin keçdiyi şaxtada başlayıb.
Hadisənin dəqiq səbəbləri və zəhərlənənlərin sayı araşdırılır.
***
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, H. Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub:
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində liftin şaxtası boyu 30 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib”.