Türkiyənin Kayseri vilayətinin Yeşilhisar rayonunda yaşayan və toxuduğu "Osimhen kuklası" ilə gündəmə gələn Neslihan Dəmir, “Qalatasaray”ın çempionluq oyununu stadiondan izləyib.
Manset.az türk mediasəna istinadən xəbər verir ki, “Qalatasaray”ın Kayserispor üzərindəki qələbəsi ilə çempionluğunu rəsmiləşdirdiyi qarşılaşmadan sonra Neslihan xala Nigeriyalı ulduz futbolçu Viktor Osimhen ilə görüşüb.
Görüş zamanı Neslihan Dəmir toxuduğu kuklalardan birini futbolçuya təqdim edib. Osimhen isə öz növbəsində imzalı formasını ona hədiyyə edib və nəvələri üçün də formalar göndərəcəyini bildirib.
Kayserinin Kapadokya bölgəsinə açılan qapısı kimi tanınan Yeşilhisarda yaşayan Neslihan xala, sosial mediada "Osimhen kuklası" ilə böyük maraq qazanmışdı. Onun toxuduğu kukla futbolsevərlər arasında maraqla qarşılanıb.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Neslihan Dəmir bunları deyib:
"Osimhen hədiyyəmi bəyəndi. 'Çox gözəldir' dedi, gülümsədi və məni qucaqladı. İmzalı formasını mənə hədiyyə etdi. Mən də ona dedim ki, səni çox sevirəm və burada qalmağını istəyirəm. Hətta lazım olsa, sənə dəstək olmaq üçün toyuqlarımı belə sataram."