"Mançester Yunayted"in kapitanı Bruno Fernandes Səudiyyə Ərəbistanının “Əl Hilal” klubundan aldığı təklifi geri çevirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ərəbistan təmsilçisi portuqaliyalı futbolçuya illik 25 milyon avro olmaqla, 4 illik müqavilə təklif edib. Ümumi dəyəri 100 milyon avro olan bu təklifə baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi karyerasını “Mançester Yunayted”də davam etdirmək istədiyini bildirib.
“Əl Hilal” eyni zamanda Fernandesin transferi üçün İngiltərə klubuna 95 milyon avro ödəməyə hazır olduğunu da bəyan edib. Lakin nə futbolçu, nə də klub bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Bruno Fernandes ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 57 oyuna çıxıb, 19 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda onun bazar dəyəri 55 milyon avro təşkil edir. Təcrübəli futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.