"Mançester Siti" klubu İngiltərə millisinin futbolçusu Cek Qrilişlə yolları ayırmağa hazırlaşır.
Manset.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı yarımmüdafiəçi FİFA Klublararası Dünya Çempionatının iştirakçı heyətinə daxil edilməyəcək.
Xatırladaq ki, Qriliş 2021-ci ilin yayında “Aston Villa”dan 117 milyon avroya transfer olunaraq heyətə qoşulub. Lakin son dövrlərdə futbolçunun həm meydandakı performansı, həm də şəxsi həyatı ilə bağlı problemləri klub rəhbərliyini narahat etməyə başlayıb.
Mövsüm ərzində 32 oyunda iştirak edən Qriliş aşağı göstəriciləri və qeyri-sabit oyunu ilə seçilib. Klub daxilindən verilən məlumata görə, futbolçunun meydandan kənardakı həyat tərzi də onun performansına mənfi təsir göstərir.
İllik 15 milyon avro qazanan futbolçunun iyunun ortalarında ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcəyi bildirilir. BBC-nin yaydığı məlumata görə, baş məşqçi Pep Qvardiola Qrilişi turnirə aparmağı düşünmür.
Qeyd edək ki, Cek Qriliş “Mançester Siti”nin heyətində 4 mövsüm ərzində 3 Premyer Liqa, Çempionlar Liqası, FIFA Klublararası Dünya Çempionatı, UEFA Super Kuboku və İngiltərə Kubokunun qalibi olub.